- 12:30
Qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbadovun cinayət işi üzrə məhkəmənin növbəti iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, B. İbadovun 17 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Vəkil çıxış üçün vaxt istədiyinə görə, məhkəmənin növbəti iclası 29 aprel tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə noyabrın 5-i saat 01 radələrində Bəşir Səfəroğlu küçəsində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü Yasin Seymur oğlu İbadov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun 1987-ci il təvəllüdlü əmisi Babək İbadov tutulub. Onun əvvəllər məhkum edildiyi və qətli öncədən planlaşdırdığı məlum olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) ; 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə); 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda); 228.5 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda)maddələri üzrə cinayət işi açılıb.
"Rüzgar" ləqəbli Yasin İbadovun LGBT nümayəndəsi olduğu bildirilir.
Humay Eminqızı