Britaniya və Fransa qanunsuz miqrasiya ilə birgə mübarizə aparacaq


  • 10:52

Böyük Britaniya və Fransa La-Manş boğazı boyunca qanunsuz miqrasiyanın qarşısını almaq üçün 662 milyon funt sterlinqlik yeni paket haqqında razılığa gəliblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 illik razılaşmaya əsasən, iğtişaşlara nəzarət üzrə təlim keçmiş polis əməkdaşları Fransa sahilləri boyunca yerləşən çimərliklərdə xidmət edəcək.

Böyük Britaniyanın daxili işlər naziri Şabana Mahmud tərəfindən yaxın vaxtlarda imzalanacaq sazişə əsasən miqrant qaçaqmalçılarını izləmək üçün milyonlarla funt-sterlinq dəyərində pilotsuz təyyarələr, iki yeni helikopter və qabaqcıl kamera sistemləri yerləşdiriləcək.

Yeni saziş ilk dəfə olaraq şərti ödəniş mexanizmini tətbiq edəcək. Əgər Fransa hakimiyyəti qanunsuz keçidlərin qarşısının alınmasında qeyri-adekvat davranarsa, Britaniya hökuməti təxminən 100 milyon funt-sterlinq vəsaiti geri ala və ya yönləndirə biləcək.

Nazir sazişin təhlükəli səfərlərə son qoymaq məqsədi daşıdığını vurğulayıb.

Yayda qüvvəyə minməsi planlaşdırılan razılaşma ilə Fransanın şimalında fəaliyyət göstərən təhlükəsizlik qüvvələrinin sayı təxminən 42 faiz artırılaraq 1100-ə çatdırılacaq.

Kəşfiyyat və hərbi personalın daxil olduğu bu komanda miqrantları qayıqlara minməzdən əvvəl dayandırmağı hədəfləyəcək.

Böyük Britaniyada müxalifət partiyaları müqavilənin şərtlərini və dəyərini tənqid edib.

Rəsmi məlumatlara görə, son üç ildə La-Manş boğazını kiçik qayıqlarla keçənlərin sayı artıb. 2025-ci ildə bu yolla 41472 nəfər Böyük Britaniyaya çatıb. 2026-cı ilin əvvəlindən bu rəqəm artıq 6000-i keçib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər