- 16:10
İran Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər və Küveytin ABŞ-İsrail hücumları üçün öz ərazisi və hava məkanından istifadə etməsini əsas gətirərək BMT-yə etiraz edib.
E-huquq.az İran dövlət televiziyasına istinadən xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasına ayrıca məktublar göndərib.
İrəvani məktubunda beynəlxalq hüquqa görə dövlətlərin əgər ərazilərindən üçüncü ölkəyə qarşı təcavüz və ya silahlı hücum üçün istifadə edildiyi təqdirdə məsuliyyət daşıdığını xatırladıb.
"İran birmənalı olaraq Qətər, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı hökumətlərini mehriban qonşuluq prinsiplərinə riayət etməyə və öz ərazilərinin İrana qarşı davamlı istismarının qarşısını almağa çağırır” -məktubda qeyd edilib.
Məktubda qeyd edilib ki, İran qonşu ölkələrin suverenliyinə hörmət prinsipini dəstəkləməklə yanaşı, öz suverenliyini, ərazi bütövlüyünü və siyasi müstəqilliyini müdafiə etmək üçün özünümüdafiə hüququ da daxil olmaqla bütün zəruri və müvafiq tədbirləri görmək hüququnu özündə saxlayır.
Şəbnəm Mehdizadə