Filippində orta məktəbdə baş verən silahlı insidentdən sonra bu video oyununa qadağa qoyulub


  • 16:15

Filippində orta məktəbdə baş verən silahlı insidentdən sonra "Gorebox" mobil oyununa müvəqqəti qadağa tətbiq edilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Manilanın cənub-şərqində yerləşən Tacloban şəhərindəki San Xose Liseyində 14 və 15 yaşlı iki şagird sinif otağında atəş açıb. Hadisə nəticəsində 3 şagird həlak olub, 20 nəfər yaralanıb.

Polisin ilkin araşdırması zamanı müəyyən edilib ki, 14 yaşlı şübhəli “Google Play Store”da yüksək səviyyədə zorakılıq məzmunu ilə tanınan “Gorebox” oyununu aktiv şəkildə oynayıb.

Kibercinayətlərin Araşdırılması və Koordinasiya Mərkəzinin (CICC) müşaviri Aboy Paraiso bildirib ki, hadisədə oyunun mümkün rolunu araşdırmaq məqsədilə platformaya müvəqqəti məhdudiyyət tətbiq olunub. Onun sözlərinə görə, faciəyə təsir göstərə biləcək onlayn faktorlar diqqətlə araşdırılacaq.

2023-cü ildə Almaniyanın F2Games şirkəti tərəfindən təqdim edilən “Gorebox” oyunu intensiv zorakılıq səhnələrinə görə beynəlxalq reytinq qurumları tərəfindən “18+” kateqoriyasına daxil edilib.

Polisin məlumatına görə, hər iki şübhəli dindirmə zamanı məktəbdə zorakılığa məruz qaldıqlarını və hücumu qisas məqsədilə törətdiklərini bildiriblər. İstintaq materialları hadisənin əvvəlcədən planlaşdırıldığını göstərir.

Araşdırma zamanı məlum olub ki, 14 yaşlı şagirdin istifadə etdiyi 9 millimetrlik tapança onun bibisinə məxsus olub. Bibisi polis əməkdaşıdır və hadisədən sonra vəzifəsindən uzaqlaşdırılıb. Digər şübhəlinin istifadə etdiyi 38 kalibrli silah isə babasının mühafizə şirkətində qeydiyyatda olub.

Filippin qanunvericiliyinə əsasən, 15 yaşlı şübhəliyə qarşı qətl ittihamı irəli sürülüb. 14 yaşlı yeniyetmə isə cinayət məsuliyyəti yaşına çatmadığı üçün rəsmi ittihamla üzləşməyib.

Hadisədən sonra Filippin Senatı uşaqlara təsir edən zorakı onlayn məzmunla bağlı araşdırmaları genişləndirmək qərarına gəlib. Təhsil Nazirliyi isə məktəblərdə təhlükəsizlik tədbirlərinin və fövqəladə hallara hazırlıq protokollarının yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər