- 13:37
Liviyanın qərbindəki Əz-Zaviyə şəhərində neft emalı zavoduna endirilən zərbə nəticəsində yanğın baş verib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyasının törəmə şirkəti olan "Brega Petroleum Marketing Company"nin açıqlama yayıb.
Məlumata əsasən, Zəviyə Neft Anbarındakı dizel çənlərindən birinə PUA ilə zərbə endirilib.
Zədələnmiş çəndə yanğın başlayıb və havaya tüstü qalxıb. Dərhal yanğınsöndürmə qrupları hadisəyə müdaxilə edib.
Yanğın baş verən çənin ətrafındakı digər neft çənlərində ehtiyat tədbiri olaraq soyutma işlərinə başlanılıb.
Açıqlamada bölgədəki silahlı qruplaşmalara hərbi əməliyyatları dərhal dayandırmaq barədə xəbərdarlıq edilib və bütün tərəflər neft obyektlərindən uzaq durmağa çağırılıb.
Milli Neft Korporasiyası Zaviyədəki neft obyektlərinə edilən hücumları sərt şəkildə pisləyən bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, hücumlar səbəbindən bölgədə fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, son vaxtlar Əz-Zəviyə şəhərində silahlı qruplaşmalar arasında toqquşmalar baş verir. Bu toqquşmalar bəzən neft yataqları və emal zavodlarının yaxınlığında baş verdiyi üçün, həmin obyektlərin bəzilərində istehsal prosesi dayandırılıb.
Humay Eminqızı