- 11:45
Beynəlxalq Əmək Təşkilatı (BƏT) ötən il qlobal miqyasda gənclər arasında işsizliyin artdığını və ən kəskin artımın yüksək gəlirli iqtisadiyyatlarda qeydə alındığını açıqlayıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT-nin nəzdində fəaliyyət göstərən bu təşkilat süni intellektin yayılmasının bu prosesdə oynadığı əhəmiyyətli rolu xüsusi vurğulayıb.
Təşkilatın gənclərin məşğulluğu ilə bağlı illik hesabatına əsasən, 15-24 yaş arası gənclər arasında qlobal işsizlik səviyyəsi 2024-cü ildəki 12,3 faizdən 2025-ci ildə 12,4 faizə yüksəlib. Ümumilikdə isə 67 milyon gənc işsiz olub. Eyni dövrdə nə təhsil alan, nə də işləyən gənclərin payı cüzi artım nümayiş etdirərək 20 faizə çatıb və onların sayı 257 milyonu ötüb.
2023-2025-ci illər ərzində dünyanın on bir regionundan səkkizində gənclər arasında işsizliyin artması müşahidə olunub. Ən kəskin artım Şimali Amerika, Şimali Afrika, eləcə də Şimali, Cənubi və Qərbi Avropada qeydə alınıb. Hesabatda iqtisadi artımın yavaşıması, iş imkanlarının az olması, geosiyasi gərginliklər və texnoloji dəyişikliklərin sürəti səbəbindən gənclərin məşğulluğu ilə bağlı yeni bir böhranın yaxınlaşdığı barədə xəbərdarlıq edilib. Təşkilat gənclər arasında işsizlik səviyyəsinin 2026 və 2027-ci illərdə 12,3 faiz səviyyəsində sabit qalacağını proqnozlaşdırıb.
Qeyd olunub ki, texnoloji irəliləyişlər xüsusilə də süni intellekt gənclərin iş perspektivlərini birbaşa dəyişdirir. Orta səviyyəli bacarıqlar tələb edən iş yerlərinin azalması gənclərin karyeraya başlamasını çətinləşdirib. Kargüzarlıq, inzibati xidmətlər, satış, sənaye və texniki peşələr kimi ənənəvi ilkin səviyyəli vəzifələrin sayında azalma müşahidə olunub.
Beynəlxalq Əmək Təşkilatının Məşğulluq, Əmək Bazarları və Gənclər Şöbəsinin direktoru Sukti Dasqupta bildirib ki, 15-29 yaşlı gənclərin tutduğu mövcud iş yerlərinin 6,1 faizi süni intellektin ciddi təsirinə məruz qalacaq peşələrə aiddir.
Dasqupta qeyd etdi ki, əgər bu vəzifələrin 10 faizi aradan qalxarsa, əsasən yüksək gəlirli ölkələrdə olmaqla, 5,6 milyon gənc işsizlik, peşə dəyişikliyi və ya əmək bazarından tamamilə kənarlaşma riski ilə üzləşəcək.
Humay Eminqızı