Bu gecə səmada meteor yağışı müşahidə ediləcək


  • 11:39

İlin ən parlaq və məşhur meteor yağışlarından biri olan Perseidlər bu gün pik həddinə çatır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni ay fazası sayəsində Ay işığının olmaması meteorların gecə səmasında daha aydın müşahidə edilməsinə şərait yaradacaq.

İyulun ortalarından etibarən müşahidə olunan Perseid meteor yağışı çərşənbə günü və cümə axşamı gecəsi maksimum intensivliyə çatacaq. Astronomların məlumatına görə, Ayın işığının olmaması, xüsusilə şəhər işıqlarından uzaq ərazilərdə meteorları müşahidə etmək üçün əlverişli şərait yaradacaq.

Perseidlər Şimal Yarımkürəsində isti yay aylarına təsadüf etdiyi üçün ən çox izlənilən meteor yağışlarından biridir. Pik dövründə ideal müşahidə şəraitində saatda təxminən 100 meteor görmək mümkündür.

Meteor yağışının intensivliyi pik nöqtəsindən sonra tədricən azalsa da, Perseidlərin fəaliyyəti daha iki həftə ərzində davam edəcək.

Qeyd edək ki, Perseid meteor yağışı Yer kürəsinin 109P/Swift-Tuttle kometinin geridə qoyduğu toz və qalıq hissəciklərindən ibarət buludun içindən keçməsi nəticəsində yaranır. 1862-ci ildə kəşf edilən bu komet Günəş ətrafında dövr edərkən kosmosa müxtəlif ölçülü hissəciklər buraxır.

Bu hissəciklər Yer atmosferinə yüksək sürətlə daxil olduqda sürtünmə nəticəsində qızır və səmada parlaq izlər yaradır. Daha iri hissəciklər isə "od kürələri" adlandırılan daha parlaq görüntülərə səbəb ola bilər.

Mütəxəssislər Perseidləri müşahidə etmək istəyənlərə şəhər işıqlarından uzaq, açıq ərazilərə getməyi və gözlərin qaranlığa uyğunlaşması üçün bir qədər gözləməyi tövsiyə edirlər.

Humay Eminqızı

Oxşar xəbərlər