- 11:39
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları üçün elektrik şoku verən əlcəklərin alınmasına 10-20 milyon dollar arasında vəsait xərcləməyi planlaşdırır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumat qurumun açıqlamasında yer alır.
Qeyd olunub ki, sözügedən əlcəklər agentliyin əməliyyat qruplarına veriləcək. Avadanlıqların qruplara paylanmasına 2027-ci ilin martında başlanılması nəzərdə tutulur.
Məlumata görə, ICE əməkdaşları qeyri-qanuni miqrasiya ilə bağlı əməliyyatlar zamanı "Low-Output Voltage Emitter" (G.L.O.V.E.) adlı elektrik şoku verən əlcəklərdən istifadə edəcəklər.
Bu tip avadanlıqlar ABŞ-də artıq həbsxana əməkdaşları tərəfindən də istifadə olunur. Bildirilir ki, əlcəklər məhbuslar arasında gərginliyin artdığı və nəzarətin çətinləşdiyi hallarda tətbiq edilir.
ICE-nin yeni avadanlıqlardan istifadə planının miqrasiya əməliyyatları zamanı əməkdaşların təhlükəsizliyinin təmin edilməsi və müqavimətin qarşısının alınması məqsədi daşıdığı bildirilir.
Humay Eminqızı