Oman sahillərində batmış tankerdən sızan neft sahilə çatıb


  • 10:58

İyun ayında Oman sahillərində qəzaya uğrayaraq dayazlığa oturan tankerdən sızan xam neft materik sahillərinə çatıb. Nəticədə onlarla kilometr uzunluğunda sahil zolağı və dəniz ekosistemi çirklənib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Oman Ətraf Mühit İdarəsinin məlumatına görə, neft çirklənməsi Ras Madrakah sahillərinə yayılıb və təxminən 40 kilometrlik sahil zolağına təsir edib.

Rəsmilər çirklənmənin yaxın saatlarda Masirah adasının cənub sahillərinə çatacağını və burada əlavə 10-20 kilometrlik ərazini əhatə edə biləcəyini bildiriblər.

Məlumata görə, çirklənmədən təsirlənən ümumi ərazi yüzlərlə kvadratkilometrdir. Neft sızması xüsusilə dəniz tısbağaları və digər dəniz canlılarının yaşayış mühitinin qorunması məqsədilə yaradılmış mühafizə olunan ərazinin yaxınlığında qeydə alınıb.

Ətraf mühit təşkilatları isə fəlakətin miqyasının rəsmi qiymətləndirmələrdən daha böyük ola biləcəyi barədə xəbərdarlıq edirlər. Sızmanın qarşısının alınması və ekoloji baxımdan həssas ərazilərə dəyən ziyanın minimuma endirilməsi məqsədilə ixtisaslaşmış qruplar monitorinq və təmizləmə işlərini davam etdirirlər.

Bildirilir ki, iyun ayında baş vermiş partlayışdan sonra üzən tanker Rusiyanın neftini daşımaq və sanksiyalardan yayınmaq üçün istifadə olunan “kölgə donanması”na daxildir.

Gəminin rəsmi sahibi və operatorunun kimliyi ilə bağlı qeyri-müəyyənliklər, həmçinin onun bir sıra ölkələrin sanksiya siyahılarında yer alması hadisənin hüquqi aspektlərini çətinləşdirir.

Mütəxəssislərin fikrincə, belə qanunsuz və ya lazımi qaydada tənzimlənməyən gəmilərin səbəb olduğu neft sızmalarında təmizləmə xərclərini kimin ödəməli olduğunu müəyyənləşdirmək çətinləşir. Bu isə ekoloji fəlakətlərin nəticələrinin aradan qaldırılmasını daha da mürəkkəbləşdirə bilər.

Humay Eminqızı

Oxşar xəbərlər