- 12:40
Belçikada havanın temperaturunun bəzi bölgələrdə 38 dərəcəyə yüksələcəyi gözlənildiyindən, bu gün səhər və axşam pik saatlarında bəzi qatar reysləri ləğv edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ləğv edilən reyslər əsasən sərnişin axınının ən çox olduğu səhər və axşam saatlarında hərəkət etməli olan qatarlardır.
Şirkət bildirib ki, həmin qatarlar pik saatlarda sərnişin daşımalarında istifadə edilsə də, günün qalan hissəsində açıq havada saxlanılır. Qatarların bir hissəsinin köhnə olması və kondisioner sisteminin olmaması vaqonların daxilində temperaturun təhlükəli həddə yüksəlməsinə səbəb olur. Bu səbəbdən mövcud hava şəraitində sərnişinlərin və heyətin həmin qatarlarla təhlükəsiz daşınması mümkün hesab edilmir.
Sərnişinlərə mümkün olduğu halda pik saatlardan kənarda səyahət etməyi, yola çıxmazdan əvvəl qatarların yenilənmiş hərəkət cədvəlini yoxlamağı və özləri ilə su götürməyi tövsiyə edilib.
Yüksək temperatur ölkənin dəmir yolu infrastrukturuna da təsir göstərir. İsti hava qatarların elektrik enerjisi ilə təmin olunmasını həyata keçirən hava xətlərinin əyilməsinə, həmçinin istilik genişlənməsi səbəbindən relslərin deformasiyasına səbəb ola bilər. Bu risk xüsusilə temperatur 35 dərəcədən yuxarı olduqda artır.
Güclü istilər səbəbindən bu gün Belçikanın bütün ərazisində narıncı həyəcan siqnalı verilib. Vətəndaşlara günün ən isti saatlarında açıq havaya çıxmamaq, kifayət qədər su içmək və ağır fiziki fəaliyyətdən uzaq durmaq tövsiyə olunur.
Humay Eminqızı