- 13:40
ABŞ-də 16 il sonra ilk dəfə olaraq bir gündə üç ölüm hökmü icra edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, əvvəlcə, Oklahoma ştatında 70 yaşlı Karlos Kuesta-Rodriges ölümcül inyeksiya yolu ilə edam edilib.
2003-cü ildə həyat yoldaşını öldürməkdə təqsirli bilinən və psixi sağlamlıq problemlərini əsas gətirərək əfv tələb edən məhkumun müraciətləri rədd edilib.
Oklahomadakı edamdan təxminən bir saat sonra Tennessi ştatında 66 yaşlı Darrell Hayns edam olunub.
Haynsın vəkillərinin müvəkkillərinin əlil və ağır xəstə olduğunu əsas gətirərək edamı dayandırmaq barədə vəsatəti rədd edilib. Hayns 1985-ci ildə otel işçisini öldürdüyünə görə ölüm cəzasına məhkum edilib.
Günün sonuncu edamı Alabama ştatında həyata keçirilib. 2021-ci ildə 5 yaşlı qız uşağını zorlamaqda və qətlə yetirməkdə təqsirli bilinən və apellyasiya şikayəti vermək hüququndan imtina edən 42 yaşlı Ceremi Uilyams edam edilib.
Qeyd edək ki, ölüm cəzası ABŞ-nin 50 ştatından 27-də qanuni olaraq tətbiq edilir.
Ölkədə sonuncu dəfə bir gündə üç edamın həyata keçirilməsi halı 2010-cu il yanvarın 7-də qeydə alınıb. Ötən il ölkədə 47 edam həyata keçirilib; müqayisə üçün qeyd edək ki, əvvəlki ildə bu rəqəm 25 olub.
Edamların sayındakı artımda Florida ştatı xüsusilə seçilib. Belə ki, ştatda ötən il 19 edam həyata keçirilib.
Humay Eminqızı