- 13:40
Fransanın şərqində yerləşən Burquen-Jalyu (Bourgoin-Jallieu) şəhərində kolleksiya kartları satan mağazaya edilən basqın zamanı təxminən 80 min avro dəyərində Pokemon kartları oğurlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə səhər saat 04:00 radələrində baş verib.
Mağaza müdiri bildirib ki, maskalı dörd nəfər əsas girişdən içəri daxil olaraq yüzlərlə kolleksiya kartı götürüb. Siqnalizasiya işə düşdükdən sonra oğrular avtomobillə hadisə yerindən uzaqlaşıblar.
Məlumata görə, oğurlanan kartların böyük əksəriyyəti Yaponiyanın məşhur "Pokemon" franşizasına aid olub.
Son illərdə kolleksiyaçılar arasında yüksək qiymətə satılan Pokemon kartları Fransa və digər ölkələrdə tez-tez oğurluq hədəfinə çevrilir.
2024-cü ilin fevralında Fransanın Renn şəhərində ümumi dəyəri 100 min avro olan on minlərlə Pokemon kartının oğurlanmasında təqsirli bilinən üç nəfər həbs cəzasına məhkum edilib.
Qeyd edək ki, ötən ilin yanvarında Böyük Britaniyada ixtisaslaşmış bir mağazadan təxminən 87 min avro dəyərində Pokemon kartları oğurlanıb.
Humay Eminqızı