- 16:26
Belçikanın Dendermonde şəhərində təmir işləri zamanı köhnə binanın divarında gizlədilmiş, təxminən 9 milyon avro dəyərində qızıl aşkar edilib.
E-huquq.az Belçika mətbuatına istinadən xəbər verir ki, hadisə Flandriya bölgəsində sosial rifah təşkilatı CAW-a məxsus binada baş verib. Təmir işləri aparan fəhlələr zirzəmidəki divarı sökərkən onun içərisində gizlədilmiş sandıq aşkar ediblər.
Ustaların açdığı sandıqdan çoxlu sayda qızıl külçə və sikkə çıxıb. Fəhlələr daha sonra bu barədə binanın sahibi olan CAW təşkilatına və hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Polis hadisə yerinə gəldikdən sonra qızıllar müsadirə edilərək təhlükəsiz yerə aparılıb.
Şərqi Flandriya Prokurorluğu qızılın kimə məxsus olduğunu, binada nə vaxt və kim tərəfindən gizlədildiyini, eləcə də qiymətli əşyaların qanuni yolla əldə edilib-edilmədiyini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.
Təxminən 9 milyon avro dəyərində olduğu bildirilən xəzinənin gələcəkdə kimin mülkiyyətinə keçəcəyi isə hələlik məlum deyil.
Hadisə barədə məlumatların yayılmasından sonra çox sayda insan qızıl tapmaq ümidi ilə binanın yerləşdiyi əraziyə axın edib.
Humay Eminqızı