- 17:07
Yaponiyanın şərqindəki Çiba prefekturasında yağan güclü yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
E-huquq.az xarici K9İV-ə istinadən xəbər verir ki, azı səkkiz nəfərin ölümü və dörd nəfərin xəsarət alması ilə nəticələnən təbii fəlakət zamanı yüzlərlə tikiliyə ziyan dəyib və təxminən 400 min nəfər üçün təxliyə xəbərdarlığı elan edilib.
Bölgədə axtarış-xilasetmə işləri davam edir. Vətəndaşlara mümkün yağışlara qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Yaponiya Meteorologiya Agentliyi Çibada 12 saat ərzində 348 millimetr yağış qeydə alındığını və bunun bölgə üçün rekord göstərici olduğunu açıqlayıb.
Daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 370 tikilinin zərər gördüyü bildirilib. Təxminən 45 min ev təsərrüfatı elektrik enerjisi kəsilib.
Yağış təkcə yaşayış məntəqələrinə deyil, həm də nəqliyyat şəbəkələrinə mənfi təsir göstərib. Bəzi qatar və avtobus xidmətləri müvəqqəti olaraq dayandırılıb.
Təxminən 7000 nəfər gecəni hava limanında keçirmək məcburiyyətində qalıb.
Bölgədə müşahidə olunan güclü yağışların bir müddət daha davam edəcəyi bildirilir. Rəsmilər sakinləri, xüsusilə də yüksək riskli zonalarda yaşayanları daşqın və torpaq sürüşməsi təhlükəsinə qarşı ehtiyat tədbirləri görməyə çağırıblar.
Humay Eminqızı