Süni intellekt texnologiyalarına yatırılan sərmayə maliyyə dünyasında yeni müzakirələrə səbəb olub


  • 17:07

Süni intellekt texnologiyalarına yönələn nəhəng kapital axını maliyyə dünyasında yeni müzakirələrə səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, süni intellekt sektoruna yatırılan investisiyaların həcmi bu texnologiyalardan əldə olunan gəlirlərin artım tempini əhəmiyyətli dərəcədə üstələyir. Bu vəziyyət investorlar və iqtisadçılar arasında bazarda mümkün maliyyə riskləri ilə bağlı narahatlıqları artırıb.

Süni intellekt infrastrukturu sahəsinin aparıcı şirkətlərindən biri olan Nvidia müştəri sifarişlərinin maliyyələşdirilməsi məqsədilə Apollo, BlackRock və Goldman Sachs kimi maliyyə nəhənglərinin daxil olduğu qrupdan 500 milyard dollar həcmində maliyyə dəstəyi cəlb edib.

Lakin bəzi ekspertlər sektorda geniş yayılan "dairəvi maliyyələşdirmə" modelinin risklərinə diqqət çəkirlər. Bu modeldə şirkətlər bir-birlərinin məhsullarını almaq şərti ilə kredit və ya investisiya təqdim edir. Analitiklərin fikrincə, belə mexanizm süni artım görüntüsü yarada və nəticədə bazarda ciddi geriləməyə səbəb ola bilər.

"Apollo Global Management" şirkətinin baş iqtisadçısı Torsten Slok bildirib ki, süni intellekt ekosistemindəki mövcud gəlirlər əsasən istehlakçılardan deyil, investor marağından qaynaqlanır.

Onun sözlərinə görə, təhlilər göstərir ki, süni intellekt hələlik səhiyyə, enerji və daşınmaz əmlak kimi ənənəvi sektorların gəlirliliyinə ciddi təsir göstərməyib.

"Cisco" şirkətinin rəhbərlərindən biri Citu Patel hesab edir ki, süni intellekt sənayesi hələ ilkin inkişaf mərhələsindədir. O bildirib ki, tələbat təklifi üstələməkdə davam edir və məlumat mərkəzlərinin imkanları, enerji təminatı və prosessorların əlçatanlığı ilə bağlı çatışmazlıqlar mövcuddur.

Bəzi iqtisadçılar isə süni intellekt sahəsinə yönələn xərclərin ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyini vurğulayırlar. Onların fikrincə, bu investisiyaların kəskin şəkildə azalması iqtisadi artıma mənfi təsir göstərə və tənəzzül riskini artıra bilər.

Humay Eminqızı

Oxşar xəbərlər