- 13:55
Avropa İttifaqı (Aİ) payız aylarında Rusiyaya qarşı müharibə başlayandan bəri ən əhatəli sanksiyalar paketini təqdim etməyə hazırlaşır.
E-huquq.az xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində bildirib.
Kallas Rusiya-Ukrayna müharibəsi və Aİ-nin Rusiyaya qarşı sanksiya siyasəti ilə bağlı qiymətləndirmələrini bölüşüb. Onun sözlərinə görə, indiyədək tətbiq olunan Aİ sanksiyaları Rusiyaya 1 trilyon avrodan çox zərər vurub.
"Payızda müharibə başlayandan bəri Rusiyaya qarşı ən əhatəli sanksiyalar siyahısı təqdim ediləcək", - deyə Kallas bildirib.
O qeyd edib ki, yeni məhdudlaşdırıcı tədbirlərin qəbul edilməsi sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının, hüquqi şəxslərin və qurumların sayını təxminən üçdə bir artıracaq. Kallas müharibə başa çatana qədər Rusiyaya təzyiqlərin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Ali nümayəndə yeni sanksiya paketinin konkret əhatə dairəsi, həmçinin siyahıya daxil ediləcək şəxslər və qurumlar barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, indiyədək Aİ Rusiyaya qarşı 21 sanksiya paketi qəbul edib. Məhdudiyyətlər ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili təyinatlı və dəbdəbəli mallar, həmçinin qızıl və brilyantlar da daxil olmaqla geniş sahələri əhatə edir.
Sanksiyalar çərçivəsində Rusiya xam neftinin və müəyyən neft məhsullarının dəniz yolu ilə Aİ ölkələrinə daşınmasına qadağa, Rusiya bankları ilə bağlı əməliyyat məhdudiyyətləri və bir sıra Rusiya media qurumlarının yayım fəaliyyətinə qadağa tətbiq edilib.
Aİ-nin məlumatlarına görə, Rusiyanın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə qarşı hərəkətlərinə cavab olaraq tətbiq edilən sanksiyalar hazırda təxminən 3 min fiziki və hüquqi şəxsi əhatə edir.
Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməsi üçün üzv dövlətlərin yekdil razılığı tələb olunur.
Humay Eminqızı