Konqoda Ebola epidemiyası ölkə tarixində ən ölümcül səviyyəyə çatıb


  • 13:44

Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyası nəticəsində ölənlərin sayı azı 2 325 nəfərə çatıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin açıqladığı məlumatlara əsasən, ölənlərin sayı 2018-2020-ci illərdə ölkədə baş vermiş Ebola epidemiyası zamanı qeydə alınan itkiləri ötüb. Bununla da hazırkı epidemiya ölkə tarixində ən ölümcül Ebola epidemiyasına çevrilib.

Konqo İctimai Səhiyyə İnstitutunun məlumatına görə, son 24 saat ərzində 101 yeni yoluxma halı qeydə alınıb. Bununla da təsdiqlənmiş yoluxma hallarının ümumi sayı 4 945-ə yüksəlib.

Birləşmiş Millətlər Təşkilatı cümə günü yaydığı bəyanatda epidemiyanın hər 30 dəqiqədə bir insanın həyatına son qoyduğunu bildirib. Virus ölkənin 26 əyalətindən altısına yayılıb.

Epidemiyanın ilk dəfə qeydə alındığı, ölkənin şimal-şərqində yerləşən İturi əyalətində 3 400-dən çox yoluxma halı aşkarlanıb.

Hazırkı epidemiyaya səbəb olan nadir “Bundibugyo” variantına qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu mövcud deyil.

Qonşu Uqanda da paytaxt Kampala şəhərində azı 20 yoluxma halının qeydə alındığını açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər