İranda 20 il ərzində həyat yoldaşlarını öldürən qadın ölüm cəzasına məhkum edilib


  • 17:17

İranda təxminən 20 il ərzində həyat yoldaşlarını zəhərləyərək öldürməkdə təqsirləndirilən 56 yaşlı Külsüm Əkbəri ölüm cəzasına məhkum edilib.

E-huquq.az İran mətbuatına istinadən xəbər verir ki, Əkbəri azı 10 həyat yoldaşının ölümündə təqsirli bilinib. Onun qurbanlarını saxta spirtli içki, sakitləşdirici və digər dərman vasitələrindən istifadə etməklə zəhərlədiyi bildirilir.

İranlı rəsmilərin məlumatına görə, qətllərin əsas motivi maddi qazanc olub. Əkbərinin qurbanlarından qızıl, nağd pul və cehiz daxil olmaqla müxtəlif qiymətli əşyalar aldığı iddia edilir.

Əkbərinin törətdiyi cinayətlər 2023-cü ildə 82 yaşlı həyat yoldaşı Qulamrza Babayinin ölümündən sonra üzə çıxıb. Ölümündən əvvəl Babayi ailəsinə Əkbərinin onu dərman qəbul etməyə məcbur etdiyini bildirib. Onun ölümündən sonra aparılan araşdırma zamanı Əkbərinin əvvəllər münasibətdə olduğu kişilərin ölümü də diqqətə alınıb.

Məlumata görə, Əkbəri istintaq zamanı qurbanlarının dəqiq sayını özünün də bilmədiyini bildirib. Onun münasibətdə olduğu kişilərdən yalnız birinin sağ qaldığına dair iddialar var.

İranda qüvvədə olan qanunvericiliyə əsasən, qəsdən adam öldürmə işlərində zərərçəkən tərəfin ailəsinin tələbi hökmün müəyyən edilməsində mühüm rol oynayır. Əkbərinin 10 qurbanının ailəsi "qisas" prinsipinə əsasən onun edam edilməsini tələb edib.

Qurbanlardan birinin ailəsi isə ölüm cəzası tələb etmək əvəzinə "qan pulu" kimi tanınan diyəti qəbul etməyə üstünlük verib.

Humay Eminqızı

Oxşar xəbərlər