- 15:59
Çində 67 yaşlı fermer tarlasındakı zərərvericilərlə mübarizə aparmaq üçün süni intellektin tövsiyə etdiyi pestisiddən istifadə edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Çinin Çuçjou şəhərində yaşayan fermer Vu təxminən bir il ərzində təsərrüfat işlərinin müxtəlif mərhələlərində - gübrələmə, əkin qrafiklərinin müəyyənləşdirilməsi və digər proseslərdə süni intellekt tətbiqindən məsləhətlər alıb.
Əvvəlcə sistemin tövsiyələrinə ehtiyatla yanaşan Vu zamanla əldə etdiyi nəticələrə görə çat-bota daha çox güvənməyə başlayıb və insan mütəxəssislərlə məsləhətləşməni dayandırıb.
Fermer küncüt sahəsindəki alaq otları və zərərvericilərlə mübarizə aparmaq üçün yenidən süni intellektə müraciət edib. Sistem ona tərkibində "flufenaset" maddəsi olan kimyəvi preparatdan istifadə etməyi tövsiyə edib.
Tövsiyəyə əməl edən fermer pestisidi sahəyə tətbiq etdikdən bir gün sonra gözlənilməz nəticə ilə qarşılaşıb. Preparat yalnız alaq otlarını deyil, küncüt şitillərini də məhv edib. Nəticədə fermerin 10 hektarlıq əkin sahəsi yararsız vəziyyətə düşüb.
Mütəxəssislərin sözlərinə görə, sözügedən aktiv maddə küncüt kimi həssas bitkilərə mənfi təsir göstərə bilər və bu məhsul üçün uyğun hesab edilmir.
Hadisə süni intellekt əsaslı çatbotların kənd təsərrüfatı və digər mühüm sahələrdə istifadəsi zamanı insan nəzarətinin vacibliyini bir daha gündəmə gətirib. Ekspertlər bildirirlər ki, bu sistemlər bəzən inandırıcı görünsə də, yanlış və qeyri-dəqiq məlumatlar təqdim edə bilər.
Humay Eminqızı