İspaniyada zəlzələyə görə turistlər otellərdən təxliyə edilib


  • 14:27

İspaniyanın cənubundakı Qranada əyalətində baş verən üç yeni zəlzələ binalara ziyan vurub, azı üç nəfər xəsarət alıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ehtiyat tədbiri olaraq bölgədə bəzi inzibati binalar, muzeylər və idman obyektləri, o cümlədən İslam memarlığının ən mühüm nümunələrindən biri olan Əl-Həmra saray kompleksi bağlanıb. Turistlərin kompleksin bəzi hissələrinə girişinə də məhdudiyyət qoyulub.

Milli Coğrafiya İnstitutu (IGN) çərşənbə axşamı Qranada əyalətində üç zəlzələ qeydə alındığını və onların hər birinin maqnitudasının 4,0-dan çox olduğunu açıqlayıb.

Əndəlüs bölgəsi üzrə fövqəladə hallar üzrə məsul şəxs Antonio Sanz azı üç nəfərin yüngül xəsarət aldığını bildirib.

Çərşənbə axşamı baş verən zəlzələlərin ən güclüsü saat 10:37-də Qranada şəhər mərkəzindən təxminən 10 kilometr cənubda yerləşən Qoxar (Gójar) qəsəbəsində qeydə alınıb. Maqnitudası 4,7 olan zəlzələnin dayaz dərinlikdə baş verdiyi və ətraf yaşayış məntəqələrində güclü hiss olunduğu bildirilib.

Qoxardakı güclü təkanın ardınca bölgədə qısa fasilələrlə daha iki zəlzələ baş verib.

Sonuncu təkanlar şənbə günü Qranada şəhərində qeydə alınan 5,0 maqnitudalı zəlzələdən sonra baş verib. Həmin zəlzələ zamanı tarixi tikililərə ciddi ziyan dəymədiyi bildirilsə də, yeni təkanlardan sonra təhlükəsizlik tədbirləri gücləndirilib.

Qranada əyalət administrasiyasının məlumatına görə, inzibati binalar, muzeylər və idman obyektləri müvəqqəti olaraq bağlanıb. İlkin səhiyyə mərkəzləri isə fəaliyyətini davam etdirir.

Ehtiyat tədbiri olaraq Qranada metrosunda qatarların hərəkət sürəti saatda 30 kilometrə endirilib. Şəhərdəki bəzi otellərdən isə sakin və turistlərin təxliyəsi həyata keçirilib.

Humay Eminqızı

Oxşar xəbərlər