İrlandiyada "TikTok" faciəsi: 5 gənc öldü


  • 14:36

İrlandiyada magistral yolda əks istiqamətdə hərəkət edən avtomobilin digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində beş gənc həlak olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza Kildare qraflığındakı M9 magistral yolunda baş verib. Qəza nəticəsində Dublin hava limanı istiqamətində hərəkət edən digər avtomobildə olan üç qadın və bir uşaq ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Polis bildirib ki, hadisə gənclər arasında avtomobil oğurluğu, təhlükəli sürücülük və bu görüntülərin sosial şəbəkələrdə paylaşılması ilə bağlı narahatlıqları artırıb. Qeyd olunub ki, bəzi şəxslər gecə saatlarında avtomobilləri oğurlayaraq əks istiqamətdə hərəkət edir və həmin anları "TikTok"da paylaşaraq daha çox bəyənmə və izləyici toplamağa çalışırlar.

İrlandiyanın media tənzimləyici qurumu "Coimisiún na Meán" təhlükəli sürücülük və qeyri-qanuni fəaliyyətləri əks etdirən videolarla bağlı "TikTok" rəhbərliyindən məlumat tələb edib.

Qurum platformadan qaydaları pozan məzmunun necə aşkar edildiyi, insan nəzarətinin gücləndirilməsi istiqamətində görülən tədbirlər və cinayət xarakterli fəaliyyətlərlə bağlı məlumatların hüquq-mühafizə orqanlarına ötürülüb-ötürülmədiyi barədə açıqlama istəyib.

Bəzi profillərdə polis təqibləri və avtomobil oğurluqları ilə bağlı videoların yayımlandığı bildirilsə də, "TikTok" rəsmiləri qaydaları pozan hesabların və materialların silindiyini açıqlayıblar.

İrlandiyanın Baş naziri Mixal Martin sosial mediada diqqət və bəyənmə qazanmaq məqsədilə həyata keçirilən təhlükəli sürücülüyə heç bir halda yol verilməyəcəyini bildirib.

Bununla yanaşı, Qarda (İrlandiya polisi) Serjantları və Müfəttişləri Assosiasiyasının nümayəndələri valideynlərə və ailələrə xəbərdarlıq edərək, bəzi gənclər qruplarının sosial mediada populyarlıq qazanmaq üçün riskli davranışlarda yarışdığını vurğulayıblar.

Humay Eminqızı

Oxşar xəbərlər