- 15:33
Qvatemalada həyata keçirilən nümunəvi layihə çərçivəsində minlərlə plastik tullantı və butulka toplanaraq uşaqların təhsili üçün müasir sinif otaqlarının tikintisində istifadə olunub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Qvatemalanın Qranados bölgəsində yerləşən kəndlərdən birində həyata keçirilən layihə həm ətraf mühitin çirklənməsinin qarşısının alınmasına, həm də məktəb çatışmazlığının aradan qaldırılmasına xidmət edir.
Layihə çərçivəsində şagirdlər, ailələr və könüllülər ətraf mühitə atılacaq minlərlə plastik tullantını toplayaraq onlardan məktəb tikintisində istifadə edib.
“Bottle Schools” (“Butulka məktəbləri”) adlanan bu üsulda boş plastik butulkalar birbaşa tikinti materialı kimi istifadə edilmir. Bunun əvəzinə toplanan plastik paketlər, qablaşdırma materialları və digər plastik tullantılar butulkaların içərisinə sıx şəkildə doldurulur. Beləliklə, "eko-kərpic" adlandırılan möhkəm tikinti elementləri hazırlanır.
Hazırlanan butulkalar daha sonra xüsusi məftil torların içərisində düzülərək divar konstruksiyalarının bir hissəsinə çevrilir. Üzəri sement və məhlulla örtüldükdən sonra tikililər ənənəvi məktəb binalarından fərqlənmir.
Binanın möhkəmliyini və struktur bütövlüyünü təmin etmək üçün dəmir-beton sütunlardan və möhkəm özüllərdən istifadə olunur. Divarların tikintisində tələb olunan kərpiclərin isə əhəmiyyətli hissəsi plastik tullantılarla doldurulmuş butulkalardan hazırlanır.
Layihənin nəticələri də diqqət çəkir. “Hug It Forward” təşkilatının rəhbərlik etdiyi sistem çərçivəsində 2009-cu ildən etibarən Qvatemalanın müxtəlif kəndlərində ümumilikdə 125 məktəb inşa edilib.
Bu təşəbbüs plastik tullantıların azaldılması ilə yanaşı, ucqar ərazilərdə uşaqların təhsil imkanlarının genişləndirilməsinə də töhfə verir.
Humay Eminqızı