- 11:39
Keniyanın cənubunda, Amboseli Milli Parkının ətrafındakı Kitenden Qoruğunda daha bir filin tələf olması bölgədə son həftələr ərzində ölən fillərin sayını 17-yə çatdırıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ərazidə fil ölümləri davam edir və tələf olan heyvanlarda oxşar simptomlar müşahidə olunur. Bunlara ayaq üstə dura bilməmək, qismən iflic və tənəffüs çətinliyi daxildir.
Keniya Vəhşi Təbiət Xidməti (KWS) avqustun 7-də açıqladığı məlumatda son həftələr ərzində 16 filin öldüyünü bildirib. İlkin araşdırmaların nəticələrinə əsasən, ölümlərin yaxınlıqdakı pomidor təsərrüfatlarında istifadə edilən pestisidlərdən zəhərlənmə ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Lakin fillərin ölümünün dəqiq səbəbi və ehtimal olunan zəhərli maddənin mənbəyi hələ müəyyənləşdirilməyib.
Bölgədə pomidorçuluqla məşğul olan Nanyu Oldikirr fillərin ölümündə pestisidlərin rolunun olduğu barədə ehtimalları rədd edib.
"Biz uzun illərdir əkinçiliklə məşğuluq, lakin fillərin ölümünə nəyin səbəb olduğunu bilmirik. Əgər pestisidlərlə bağlı bir problem olsaydı, biz və uşaqlığımızdan bəri bu pomidorları yeyən heyvanlarımız da bundan zərər görərdik. Buna görə də həmin iddianın doğru olduğuna inanmırıq", deyə Oldikirr bildirib.
"Olgulului İcmasının Vəhşi Təbiət Mühafizəçiləri" qrupunun əməliyyat meneceri Patrik Papatiti də fillərin ölüm səbəbinin hələ müəyyən edilmədiyini deyib. O, hadisənin səbəblərinin aydınlaşdırılması üçün hərtərəfli araşdırma aparılmasının vacibliyini vurğulayıb.
Tanzaniya sərhədi və Kilimancaro dağı yaxınlığında yerləşən Amboseli Milli Parkı Keniyanın ən mühüm fil məskənlərindən biri olmaqla yanaşı, ölkənin əsas turizm məkanlarından hesab olunur.
Hazırda bölgədəki fil ölümlərinin pestisidlərlə əlaqəsinin olub-olmadığını müəyyənləşdirmək üçün araşdırmalar davam etdirilir.
Humay Eminqızı