- 12:02
Hindistanın Bihar əyalətində 36 məktəbli qız nahardan sonra səhhətlərində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.
E-huquq.az-ın məlumatına görə, bu barədə “The Independent” nəşri yazıb.
Hadisə əyalətdə yerləşən Parasi orta məktəbində baş verib. Məlumata görə, bəzi şagirdlər nahar etdikdən qısa müddət sonra özlərini narahat hiss etməyə başlayıblar. Onlarda başgicəllənmə və qusma kimi əlamətlər müşahidə olunub.
Şagirdlərin vəziyyətinin pisləşməsindən sonra məktəb rəhbərliyi təcili tibbi yardım çağırıb. Şikayətlərin artması ilə əlaqədar 36 şagird müalicə üçün Biharşərif Sadar Xəstəxanasına aparılıb.
Hadisədən sonra məktəbin mətbəxində araşdırma aparılıb. İlkin yoxlama zamanı duz və toz halında olan yuyucu vasitənin saxlandığı qabların bir-birinə yaxın yerləşdirildiyi müəyyənləşdirilib.
Yerli mənbələrin məlumatına görə, aşpaz ehtiyatsızlıq nəticəsində yuyucu vasitəni duzla səhv salaraq düyüyə əlavə edib.
Hadisədən sonra məktəbdə yemək paylanması dayandırılıb, mətbəxdəki ərzaqlar isə yoxlamaya cəlb olunub.
Xəstəxanaya yerləşdirilən şagirdlərin səhhətinin hazırda yaxşı olduğu bildirilir.
Humay Eminqızı