- 12:48
ABŞ-nin Missuri ştatında keçirilən əməliyyat zamanı polis əməkdaşlarının dayandığı taxta eyvan qəfil çöküb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Missuri ştatının Hantsvill şəhərində baş verib. ABŞ Marşal Xidmətinin xüsusi təyinatlı qrupu axtarışda olan 26 yaşlı Ceykob Aleksandr Munozun saxlanılması məqsədilə ikinci mərtəbədə yerləşən mənzilə yaxınlaşıb.
Məlumata görə, Munoz daha əvvəl uşaq pornoqrafiyasına sahib olmaq ittihamı ilə məhkum edilib. O, azadlığa buraxıldıqdan bir müddət sonra qeydiyyatdan keçmək öhdəliyini pozub. Buna görə onun barəsində həbs qərarı çıxarılıb.
Əməliyyat zamanı doqquz silahlı əməkdaş mənzilin qapısı qarşısındakı taxta eyvanda dayanarkən platforma onların ağırlığına tab gətirməyib və qəfil çöküb. Hadisə əməkdaşların kameralarına da düşüb.
Yıxılma nəticəsində bəzi polis əməkdaşları dağıntılar altında qalıb. Beş əməkdaş müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Əməliyyat zamanı axtarılan şəxs mənzildə olmayıb. Ceykob Aleksandr Munoz hadisə baş verdiyi günün sonunda təslim olub və nəzarətə götürülüb.
Humay Eminqızı