- 16:44
ABŞ-də satılan "GreenWise" markalı dondurulmuş qaragilə və meyvə qarışıqlarının böyük qismi geri çağırılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb məhsullardan istifadə edən 12 nəfərin infeksiyaya yoluxaraq xəstələnməsi, 4 nəfərin isə xəstəxanaya yerləşdirilməsidir.
ABŞ Qida və Dərman Administrasiyası (FDA) "GreenWise Organic" brendinə aid dondurulmuş bütöv qaragilə və qarışıq meyvə məhsullarının geri çağırılma səviyyəsini ən yüksək risk kateqoriyası olan "I Sinif" (Class I) səviyyəsinə yüksəldib.
Bu təsnifat məhsulun istifadəsi və ya ona məruz qalma nəticəsində ciddi sağlamlıq fəsadlarının yaranması və ya ölüm riskinin mövcud ola biləcəyini göstərir.
FDA və ABŞ-nin digər səhiyyə qurumlarının apardığı araşdırmaya əsasən, Florida və Corciya ştatlarında 12 nəfər E. coli infeksiyasına yoluxub. Onlardan 4-nün xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.
Araşdırma zamanı xəstələnmələrə səbəb olan bakteriyanın E. coli O145:H28 ştamı olduğu müəyyən edilib. Bu ştam Şiqa toksini istehsal edə bilən və bəzi hallarda insanlarda ağır xəstəliklərə səbəb olan E. coli bakteriyaları qrupuna daxildir.
İyulun 29-da müəyyən "GreenWise" məhsullarının bütün partiyaları üzrə geri çağırılma elan olunub.
Məlumata görə, həmin məhsullar ABŞ-nn Alabama, Florida, Corciya, Kentukki, Şimali Karolina, Cənubi Karolina, Tennessi və Virciniya ştatlarında yerləşən "Publix" mağazalarına göndərilib.
Humay Eminqızı