- 15:34
İtaliyanın Komo şəhərinin meri Alessandro Rapineze elektrik velosipedi ilə toqquşma nəticəsində xəsarət aldıqdan sonra şəhərin bəzi ərazilərində velosiped sürməyi qadağan edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, mer qərarın ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi daşıdığını bildirib.
Yeni qaydalara əsasən, sentyabrdan etibarən velosipedçilər təxminən 30 küçəni əhatə edən ərazidə velosipeddən düşərək yollarına piyada davam etməlidirlər. Qadağa həm elektrik, həm də adi velosipedlərə şamil olunacaq.
Qərar turist axınının tənzimlənməsi məqsədilə hazırlanmış yeni yol hərəkəti qaydaları paketinin bir hissəsidir. Paketə şəhər mərkəzində nəqliyyatın hərəkətinə əlavə məhdudiyyətlərin tətbiqi və minik, eləcə də yük avtomobilləri üçün daha sərt qaydaların müəyyənləşdirilməsi daxildir.
Qadağanın tətbiq ediləcəyi küçələrin bir çoxu tarixi şəhər mərkəzinin əsas yollarındandır və kuryerlər tərəfindən geniş istifadə olunur.
Mer bildirib ki, iyul ayında şəhər administrasiyasının binasından çıxarkən elektrik velosipedi ilə toqquşub. Hadisə administrasiyanın şəhər mərkəzində yol hərəkətinə məhdudiyyətlərin tətbiqini müzakirə etdiyi vaxt baş verib.
Rapinezenin sözlərinə görə, hadisə nəticəsində ciddi xəsarət almayıb. Toqquşmada iştirak edən velosipedçinin kimliyi isə müəyyən edilməyib.
Komo şəhərinin divarlarla əhatə olunmuş tarixi mərkəzi artıq nəqliyyatın məhdudlaşdırıldığı zona elan edilib. Yeni qaydalara əsasən, müəyyən nəqliyyat vasitələri üçün illik icazə alınması və şəhərə daxil olunan hər gün üçün 3 avro rüsum ödənilməsi tələb olunur.
Mağaza və restoranlara çatdırılmalara 06:00-dan 23:00-dək icazə veriləcək. Otellərdə qalan turistlər isə yalnız yerləşdikləri otelin parkinq imkanı olduqda avtomobillə şəhər mərkəzinə daxil ola biləcəklər.
Qərar yerli sakinlərin etirazına səbəb olub. Qadağanın dayandırılması üçün onlayn petisiya başladılıb.
Yerli vətəndaş təşəbbüsü Civitas Como qərarın qanuniliyini şübhə altına alaraq onu "mübahisəli və qüsurlu" adlandırıb. Nova Como assosiasiyası isə sentyabrın 12-də etiraz veloyürüşü təşkil edib.
Komo velosiped istifadəsinə məhdudiyyət tətbiq edən ilk İtaliya şəhəri deyil. Palermoda da 2023-cü ildən etibarən əsas küçələrin bəzi hissələrində velosiped sürməyə məhdudiyyətlər qüvvədədir.
Avropanın digər şəhərlərində də fərdi nəqliyyat vasitələrinin istifadəsinə məhdudiyyətlər tətbiq olunur. Məsələn, Paris 2023-cü ildə kirayə elektrik skuterlərini qadağan etdikdən sonra onların istifadəsi ilə bağlı təhlükəsizlik tələblərini də sərtləşdirib.
Humay Eminqızı