- 15:59
Almaniyada təbii qaz anbarlarının doldurulması gözləniləndən daha yavaş gedir. Bu isə ölkənin qış mövsümündən əvvəl müəyyən edilmiş ehtiyat hədəfinə çatmasını çətinləşdirir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Almaniyanın qaz anbarları təxminən 50 faiz doludur. Qanunla 1 noyabradək bu göstəricinin 80 faizə çatdırılması tələb olunur. Lakin istisnalar nəzərə alınmaqla hesablanan 71 faizlik hədəfə çatmaq belə hazırkı vəziyyətdə demək olar ki, qeyri-mümkün hesab edilir.
Ölkənin İqtisadiyyat və Energetika Nazirliyinin qaz ehtiyatlarının artırılmasında əsasən bazar mexanizmlərinə güvənməsi tənqidlərə səbəb olub. Ekspertlər, sənaye nümayəndələri və müxalifət mövcud tədbirlərin qış aylarında enerji təchizatının təhlükəsizliyini təmin etmək üçün kifayət etmədiyini bildirirlər.
Nazirlik isə vəziyyətin daha da pisləşəcəyi təqdirdə operativ tədbirlərin görülməsi üçün fəaliyyət planlarının hazırlandığını açıqlayıb. Bildirilib ki, qaz anbarlarındakı ehtiyatlar, mayeləşdirilmiş təbii qazın (LNG) mövcudluğu, infrastruktur və qonşu ölkələrdəki vəziyyət daim izlənilir. Bununla belə, bazara mümkün müdaxilələrlə bağlı konkret tədbirlər açıqlanmayıb.
Yaxın Şərqdəki müharibə və Hörmüz boğazının blokadaya alınması qlobal neft və qaz tədarükünə təsir göstərərək qiymətlərin yüksəlməsinə səbəb olub.
Yay aylarında daha ucuz qiymətə qaz alaraq anbarları doldurmağı planlaşdıran şirkətlər isə yüksək qiymətlər səbəbindən alışları azaldıblar. Hazırkı vəziyyət 2022-ci ildə Rusiya-Ukrayna müharibəsindən sonra yaşanan enerji böhranını xatırladır. Həmin dövrdə qaz anbarlarının doldurulmasına milyardlarla avro dövlət vəsaiti ayrılmışdı.
Müxalifətdəki "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Alis Vaydel hökuməti sərt tənqid edib. O, qaz anbarlarının yarıboş olduğunu və ehtiyatların son illərin ən aşağı səviyyəsində qaldığını bildirib.
Humay Eminqızı