Konqoda Ebola epidemiyası nəticəsində ölənlərin sayı 2500 nəfəri keçib


  • 15:40

Konqo Demokratik Respublikasında Ebola epidemiyası nəticəsində ölənlərin sayı 2500 nəfəri keçib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Ebola üzrə koordinatoru Julien Harneis məlumat verib.

Harneis bildirib ki, ölkədə Ebola virusuna qarşı mübarizə artan ölüm halları və epidemiyanın geniş əraziyə yayılması səbəbindən kritik mərhələyə çatıb. Onun sözlərinə görə, xəstəliyin nəzarət altına alınması üçün beynəlxalq dəstəyin artırılması vacibdir.

BMT rəsmisi qeyd edib ki, hazırda mövcud maliyyə resursları yalnız qarşıdakı bir neçə həftə ərzində görüləcək işləri təmin etməyə kifayət edir. Əlavə vəsait ayrılmadığı təqdirdə yardım proqramlarının davam etdirilməsində çətinlik yarana bilər.

Harneis beynəlxalq ictimaiyyəti epidemiyaya qarşı mübarizəyə daha çox dəstək verməyə çağırıb və səhiyyə işçilərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, epidemiya ilə mübarizə dövründə 160-dan çox tibb işçisi Ebola virusuna yoluxub. Onlardan 40 nəfərinin həyatını itirdiyi bildirilir.

Səhiyyə qrupları yoluxma hallarının qeydə alındığı bölgələrdə müalicə və profilaktika tədbirlərini davam etdirir. Lakin təhlükəsizlik problemlərinin xəstəliyə qarşı mübarizə tədbirlərini çətinləşdirdiyi qeyd olunur.

Humay Eminqızı

Oxşar xəbərlər