- 16:40
Çinin cənubundakı Quansi-Çjuan Muxtar Rayonunda iyul ayında "Maysak" tayfununun səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində 159 nəfər həyatını itirib, 10 nəfər itkin düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakətdən 1,65 milyondan çox insan zərər çəkib.
İyulun əvvəlində bölgəyə çatan "Maysak" tayfunu xüsusilə Nanninq və Quyqanq şəhərlərində ciddi fəsadlara səbəb olub. Tayfundan sonra yağan güclü yağışlar çayların məcrasından çıxmasına, genişmiqyaslı daşqınlara və torpaq sürüşmələrinə səbəb olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, regionun inzibati mərkəzi Nanninq şəhərində 136 nəfər ölüb, 10 nəfər isə itkin düşüb.
Şəhərin tərkibindəki 11 qəza və rayonda ümumilikdə 579 700 nəfər daşqınlardan zərər çəkib. Fəlakət səbəbindən 23 300 nəfər təxliyə edilib, 78 300 nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib.
Məlumata görə, Nanninqdəki ölüm və itkin düşmə halları polis araşdırmalarından sonra təsdiqlənib.
Şəhərdəki insan tələfatının əsas səbəblərindən biri bəndlərin dağılması olub. "Liulan" və "Yunbiao" bəndlərinin uçması nəticəsində 107 nəfər həyatını itirib, 7 nəfər isə itkin düşüb.
Güclü yağışlar bəndlərə ciddi ziyan vurub və ətraf yaşayış məntəqələrində suyun səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olub. Axtarış-xilasetmə qrupları çətin hava şəraitində fəaliyyətlərini davam etdirib.
Tayfundan ciddi zərər görən digər şəhər Quyqanqda daşqınlar 1 milyon 73 min insana təsir edib.
Yüksək riskli ərazilərdən 205 min nəfər təxliyə olunub, 15 min nəfər isə müvəqqəti sığınacaqlara yerləşdirilib. Daşqın və torpaq sürüşmələri nəticəsində şəhərdə 23 nəfər həyatını itirib.
"Maysak" tayfununun gətirdiyi güclü yağışlar bölgədə nəqliyyat, infrastruktur və yaşayış məntəqələrinə ciddi ziyan vurub. Daşqınlar bir sıra ərazilərlə nəqliyyat əlaqəsinin kəsilməsinə səbəb olub.
Hazırda itkin düşənlərin axtarışı, zərərin qiymətləndirilməsi, təxliyə və xilasetmə işləri davam etdirilir. Fəlakətdən zərər çəkənlər üçün müvəqqəti sığınacaqlar yaradılır və onların əsas ehtiyaclarının qarşılanması istiqamətində tədbirlər görülür.
Humay Eminqızı