- 10:28
ABŞ Prezidenti Donald Tramp ölkənin 40 trilyon dolları ötən rekord dövlət borcu probleminin yüksək iqtisadi artım hesabına həll edilə biləcəyini bildirib.
E-huquq.az xəbər verir ki, Tramp bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Bu problem artıq 35 ildir mövcuddur. Borc problemini iqtisadi artım vasitəsilə həll etmək olar. Hazırda bizdə nəhəng iqtisadi artım var. İndiyədək heç vaxt indiki qədər yüksək iqtisadi artım olmayıb. Bu, problemi çox asanlıqla həll edəcək”, - ABŞ lideri bildirib.
Məlumata görə, ABŞ iqtisadiyyatı 2025-ci ildə 2,1 faiz böyüyüb. 2024-cü ildə isə ümumi daxili məhsulun artımı 2,8 faiz təşkil edib.
ABŞ-nin dövlət borcu bu həftə tarixdə ilk dəfə 40 trilyon dolları ötüb. Ölkənin borcu son 10 ildən az müddətdə təxminən 20 trilyon dollar artıb.
Peterson Beynəlxalq İqtisadiyyat İnstitutunun hesablamalarına görə, dövlət xərcləri və ya vergi sistemində islahatlar aparılmasa, ABŞ-nin dövlət borcu altı il ərzində 50 trilyon dollara çata bilər.