- 10:28
ABŞ-nin quru qoşunları naziri Daniel Driskoll ilin sonunadək və ya daha tez vəzifəsindən istefa verə bilər.
E-huquq.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Driskolla ABŞ-nin müdafiə naziri Pit Heqset arasında fikir ayrılıqları uzun müddətdir davam edir.
Mənbələr bildiriblər ki, Driskoll bu yay ailəsi ilə birlikdə Vaşinqton ətrafında, Arlinqton Milli Qəbiristanlığının yaxınlığında quru qoşunları naziri üçün nəzərdə tutulan xidməti iqamətgahı tərk edib.
WSJ xatırladır ki, Driskoll apreldə quru qoşunlarının qərargah rəisi vəzifəsindən azad edilən general Rendi Corcla sıx əməkdaşlıq edib.
Corcun vəzifədən getməsindən sonra quru qoşunlarının qərargah rəisi vəzifəsini müvəqqəti icra etmək general Kristofer Lanivə həvalə olunub. Nəşrin məlumatına görə, Laniv Pit Heqsetin yaxın müttəfiqlərindən biri hesab olunur.