- 16:21
Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında məşhur "Tanrının əli" qolunu vurduğu futbol topu hərracda 3,3 milyon dollara satılıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentinanın İngiltərəni 2:1 hesabı ilə məğlub etdiyi dörddəbir final matçında Maradona topu qapıçı Piter Şiltonun başı üzərindən əli ilə qapıya daxil etmişdi.
Matçdan sonra jurnalistlərə açıqlama verən argentinalı əfsanə bildirmişdi ki, qol "bir az Maradonanın başı, bir az da Tanrının əli" ilə vurulub.
Elə həmin matçda Maradona İngiltərənin beş oyunçusunu və qapıçı Şiltonu keçdikdən sonra ikinci qolu - "Əsrin qolu" kimi tanınan qolu - vurmuşdu.
ABŞ-də "Heritage Auctions" tərəfindən təşkil edilən hərracda 3,3 milyon dollara satılan topun satışdan əvvəl təxminən 10 milyon dollar dəyərinə çatacağı gözlənilirdi.
Hərrac evinin mütəxəssisi Mayk Provenzale hərracdan əvvəl bildirib ki, həmin top unikal bir əşyadır və onu futbol tarixinin ən əhəmiyyətli obyekti hesab etmək olar.
Matçın tunisli hakimi Əli Bin Nasser oyun başa çatdıqdan sonra "Adidas Azteca" topunu özündə saxlayıb və onu otuz ildən çox müddət ərzində qoruyub. 2023-cü ildə imzalanmış sənəddə Bin Nasser təsdiqləyib ki, bu, matç zamanı istifadə olunan yeganə top olub. Bu fakt müstəqil yoxlama təhlilləri ilə də təsdiqlənib.
Bin Nasser topu ilk dəfə 2022-ci ildə 2,37 milyon dollara satıb. Yeni sahibi topu 2023-cü ildə yenidən satışa çıxarıb, lakin təklif olunan qiymətlər minimum satış qiymətinə (rezerv qiymətə) çatmadığı üçün satış baş tutmayıb.
Qeyd edək ki, Maradonanın həmin matçda geyindiyi forma 2022-ci ildə keçirilən hərracda 7,1 milyon funt-sterlinqə satılmışdı.
Humay Eminqızı