İsrail ordusu Livanın cənubuna PUA zərbəsi endirib, ölənlər var


  • 16:13

İsrail ordusunun Livanın cənubuna endirdiyi pilotsuz uçuş aparatı (PUA) zərbəsi nəticəsində iki nəfər həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi NNA məlumat yayıb.

Məlumata görə, İsrailə məxsus PUA Cənubi Livanın Kəfr Rumman bölgəsində motosikleti hədəfə alıb. Zərbə nəticəsində iki nəfər həyatını itirib.

"İslam Səhiyyə Cəmiyyəti"nə bağlı xilasedicilər hadisə yerindən iki gəncin meyitini çıxarıblar. Onlardan birinin Deyr Zəhrani qəsəbəsindən olan 17 yaşlı Hüseyn Şükrun, digərinin isə Əhməd Rumani olduğu bildirilir. Hər iki şəxsin dünəndən etibarən itkin düşdüyü qeyd olunur.

Bundan əlavə, İsrail hərbi birləşmələri Cənubi Livandakı Mənsuri qəsəbəsini də hədəfə alıb. Nəbatiyyə rayonunun Hula qəsəbəsində isə İsrail qüvvələrinin ağır texnikadan istifadə etməklə qazıntı və dağıntı işləri apardığı bildirilib.

Xiyam qəsəbəsində İsrail qüvvələrinin “Əl-Məbərrat” məktəblərinin yaxınlığında yerləşən “Əl-Qərbi” məhəlləsində bir neçə evi partladaraq dağıtdığı qeyd edilir. Ərazidə ardıcıl partlayış səsləri eşidilib, hadisə yerindən isə qatı tüstü qalxıb.

Məlumata görə, İsrail qüvvələri qəsəbədəki kənd təsərrüfatı sahələrinə və əmlaklara da od vurub. Nəticədə yanğınlar bir neçə əraziyə yayılıb.

Qeyd edək ki, İsrailin Livanın cənubundakı hücumları ABŞ-nin vasitəçiliyi ilə iki ölkə arasında iyunun 26-da imzalanmış çərçivə sazişinə baxmayaraq davam edir. Saziş İsrail ordusunun işğal etdiyi Livan ərazilərindən mərhələli şəkildə geri çəkilməsini nəzərdə tutur.

Humay Eminqızı

Oxşar xəbərlər