- 12:31
Afrikanın şimal sahilində yerləşən İspaniyanın anklav şəhəri Seutanın küçələrində təxminən 10 000 qeyri-qanuni miqrant yaşamağa davam edir.
E-huquq.az xəbər verir ki, bu barədə "20 Minutos" qəzeti məlumat yayıb.
Məlumata görə, oğurluq və soyğunçuluq hallarının artması, eləcə də miqrantların öz aralarındakı baş verən davamlı qarşıdurmalar səbəbindən təcili yardım xidmətinə edilən zənglərin sayı 10 dəfə artıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən ayrılan resurslar qeyri-kafidir və Seutadakı vəziyyət getdikcə daha da qeyri-sabit xarakter alır.
Nəşr yazır ki, yerli sakinlər təşviş içindədirlər və hava qaraldıqdan sonra evdən çıxmamağa çalışırlar. Eyni zamanda, əksər əyləncə məkanları fəaliyyətini dayandırıb.
Bildirilib ki, Mərakeşə deportasiyalar gündə cəmi 10–20 nəfər olmaqla olduqca yavaş həyata keçirilir.
Xatırladaq ki, iyulun sonlarında on minlərlə qeyri-qanuni miqrant üzərək şəhərə çatmağa nail olub.
Böhran fonunda İspaniya rəsmiləri şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbi qüvvələri cəlb etmək qərarına gəlib.
Humay Eminqızı