- 16:10
Avropada bu yay müşahidə olunan güclü isti dalğaları nəticəsində ölənlərin sayı ilkin hesablamalara görə azı 35 min nəfərə çatıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qitədə ardıcıl baş verən dörd böyük istilik dalğası adi dövrlərlə müqayisədə on minlərlə əlavə ölüm halına səbəb olub. İlkin rəsmi məlumatlar Avropanın yalnız bir hissəsini əhatə etsə də, artıq ciddi artım qeydə alınıb.
Məlumata görə, Almaniya, Fransa və İspaniyada isti hava ilə əlaqəli əlavə ölüm hallarının sayı 25 mini ötüb. Mütəxəssislər bildirirlər ki, yekun rəqəm daha yüksək ola bilər. Bunun səbəbi yüksək temperaturun bir çox hallarda ölümün birbaşa səbəbi kimi göstərilməməsi və avqust ayına aid statistikanın hələ tam toplanmamasıdır.
Ən çox ölüm halı Almaniyada qeydə alınıb. Robert Kox İnstitutunun məlumatlarına əsasən, aprelin əvvəlindən avqustun əvvəlinədək ölkədə təxminən 14 min nəfər həddindən artıq isti ilə əlaqəli səbəblərdən həyatını itirib. İyunun son həftəsində qeydə alınan 9 600 ölüm halı Almaniyada isti hava ilə bağlı ən ağır yay dövrlərindən biri kimi qiymətləndirilir.
İspaniyada Karlos III Sağlamlıq İnstitutu may ayından etibarən təxminən 5 min nəfərin isti dalğaları səbəbindən öldüyünü açıqlayıb. Bu göstərici ölkədə 2022-ci ildə qeydə alınan isti ilə əlaqəli ölüm sayını da geridə qoyub.
Fransada isə mayın sonu ilə iyulun sonu arasında 7 mindən çox əlavə ölüm faktı qeydə alınıb. Ölkədə bəzi bölgələrdə havanın temperaturu 40 dərəcədən yuxarı yüksəlib. İtaliyada modelləşdirmələr isti hava səbəbindən ölüm hallarının 5-8 min arasında ola biləcəyini göstərir. Böyük Britaniyada isə may və iyun aylarındakı istilik dalğalarının təxminən 2 900 nəfərin ölümünə səbəb olduğu ehtimal edilir.
Belçika, Niderland, Polşa və İsveçrə kimi digər Avropa ölkələrində də yüksək temperatur fonunda ölüm hallarının artdığı bildirilir.
Səhiyyə mütəxəssisləri vurğulayırlar ki, isti hava xüsusilə ürək-damar, tənəffüs və böyrək xəstəlikləri olan insanlar üçün ciddi risk yaradır. Yüksək temperatur mövcud xroniki xəstəlikləri ağırlaşdıra bildiyi üçün isti ilə bağlı dəqiq ölüm statistikası yalnız bir neçə ay sonra tam müəyyənləşə bilər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, Avropa regionunda isti ilə əlaqəli ölüm halları son 20 il ərzində 30 faizdən çox artıb. Ekspertlər bu tendensiyanın əsas səbəbləri arasında iqlim dəyişikliyi nəticəsində artan temperatur göstəricilərini və əhalinin yaşlanmasını göstərirlər.
Humay Eminqızı