Avstraliyada süni intellekt vasitəsilə yaradılan mahnılarla bağlı yeni qaydalar tətbiq ediləcək


  • 15:34

Avstraliyada tamamilə süni intellekt vasitəsilə yaradılan mahnıların musiqi hit-paradlarına daxil edilməsinə qadağa qoyulacaq.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, avqustun 28-dən etibarən tamamilə süni intellekt tərəfindən yaradılmış mahnılar Avstraliyanın musiqi sənayesini təmsil edən ARIA-nın hit-paradlarına daxil edilməyəcək.

Yeni qaydalara əsasən, əsasən insan yaradıcılığı ilə hazırlanan, lakin yazılış və istehsal prosesində süni intellekt alətlərindən istifadə edilən mahnıların hit-paradlarda yer almasına icazə veriləcək. Bunun üçün həmin əsərlərin hit-parad göstəricilərinin süni şəkildə dəyişdirilməsi ilə bağlı narahatlıq doğurmaması tələb olunacaq.

ARIA-nın rəhbəri Annabel Herd bildirib ki, ifaçıların süni intellekt alətlərindən yararlanması ilə mahnının tamamilə süni intellekt tərəfindən yaradılması fərqli məsələlərdir.

Onun sözlərinə görə, yeni qaydalar Avstraliyadakı musiqiçilər üçün daha aydın çərçivə yaradır. Herd musiqi ilə auditoriya arasında əlaqə yaradan digər təşkilatları da insanların yaradıcılıq potensialını dəstəkləməyə və öz siyasətlərində oxşar dəyişikliklər etməyə çağırıb.

Qərarın qəbul edilməsi süni intellekt tərəfindən yaradılan bir mahnının iyul ayında Avstraliya radiolarında ən çox səsləndirilən trekə çevrilməsindən sonra gündəmə gəlib. Həmin mahnı eyni zamanda iki ayrı ARIA hit-paradında dördüncü pilləyə yüksəlib.

Humay Eminqızı

Oxşar xəbərlər