- 16:27
"Avropa İttifaqı (Aİ) ölkələri iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmaq üçün investisiyalarını artırmalıdır. Əks halda, gələcəkdə daha böyük iqtisadi və sosial xərclərlə üzləşə bilərlər".
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ-nin iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra deyib.
Hoekstra iqlim dəyişikliyinə uyğunlaşma tədbirlərinə maliyyə vəsaitinin ayrılmasının artıq zərurətə çevrildiyini bildirib. Onun sözlərinə görə, hökumətlər iqlim dəyişikliklərinin təsirlərinə qarşı dayanıqlılığın artırılmasına yönəlmiş tədbirlərə ciddi investisiya qoymağa başlamalıdır.
Büdcələrin siyasi prioritetləri əks etdirdiyini qeyd edən Hoekstra meşə yanğınları və daşqınların bu məsələnin prioritetə çevrilməsinin vacibliyini göstərdiyini vurğulayıb.
"Əgər biz bunu prioritet məsələyə çevirməsək, səhiyyə, iqtisadiyyat və cəmiyyət baxımından daha ağır bədəl ödəyəcəyik", - deyə o bildirib.
Komissar iqlim dəyişikliyinin təsirlərinə qarşı təxirəsalınmaz tədbirlər görülməsinin vacibliyini də qeyd edib. Aİ rəsmisi tədbirlərin təxirə salınması daha böyük xərclərə səbəb ola biləcəyini qeyd edib.
Hoekstra zəruri investisiyaları həyata keçirməməyi seçən hökumətlərin gələcəkdə artan iqtisadi zərərlərlə qarşılaşacaqlarını bildirib.
Aİ Komissiyasının hesablamalarına görə, Avropa İttifaqı üzrə daşqınlardan qorunma, şəhərlərin həddindən artıq istiləşməsinin qarşısının alınması və iqlimə uyğunlaşma ilə bağlı digər tədbirlər üçün ildə təxminən 70 milyard avro investisiya tələb olunur.
Hazırda üzv dövlətlərin bu istiqamətdə illik xərcləri təxminən 29 milyard avro təşkil edir.
İqlim dəyişikliyinin infrastruktura vurduğu zərərin isə hazırkı investisiya səviyyəsini üstələdiyi bildirilir.
Humay Eminqızı