- 16:33
Alimlər piylənmə ilə mübarizədə yeni ümid yaradan kimyəvi birləşmə müəyyən ediblər. İlkin sınaqlarda maddə siçanlarda qida qəbulunu azaltmadan və əzələ itkisinə səbəb olmadan piylərin yanmasını sürətləndirib.
E-huquq.az xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan araşdırmada 5-(tetradesiloksi)-2-furoik turşusu (TOFA) adlı birləşmənin təsiri öyrənilib. Məlumata görə, yüksək yağlı pəhrizlə piylənmə yaradılmış erkək siçanlara dörd həftə ərzində gündə iki dəfə ağız yolu ilə TOFA verilib.
Nəticələrə əsasən, siçanlar bu müddət ərzində orta hesabla 18 faiz çəki itirib. İtkilərin əsas hissəsinin bədən piyindən ibarət olduğu, əzələ və digər yağsız toxumaların isə böyük ölçüdə qorunduğu bildirilib.
Tədqiqatçılar müəyyən ediblər ki, birləşmə siçanların qida qəbulunu və fiziki aktivliyini əhəmiyyətli dərəcədə dəyişmədən orqanizmin enerji sərfiyyatını artırıb. TOFA-nın yeni yağların sintezini məhdudlaşdırmaqla yanaşı, hüceyrələrin enerji əldə etmək üçün yağ turşularından istifadəsini dəyişdirdiyi qeyd olunub. TOFA-nın yağ turşularının sintezində iştirak edən asetil-KoA karboksilaza fermentini inhibə etdiyi əvvəllər də məlum olub.
Müalicə nəticəsində siçanlarda qan şəkəri və insulin səviyyələrinin azaldığı, qlükozaya reaksiyanın yaxşılaşdığı, həmçinin qan və qaraciyərdə yağ səviyyələrinin aşağı düşdüyü müşahidə edilib.
Tədqiqatın növbəti mərhələsində alimlər TOFA-nın aşağı dozalarını semaqlutid və tirzepatid kimi iştahı azaldan preparatlarla birlikdə sınaqdan keçiriblər. Bildirilir ki, kombinə edilmiş müalicə ayrı-ayrılıqda tətbiq edilən yanaşmalarla müqayisədə daha yüksək çəki itkisi və metabolik göstəricilərdə daha nəzərəçarpan yaxşılaşma ilə nəticələnib.
Bununla belə, mütəxəssislər nəticələrin hələlik yalnız heyvanlar üzərində aparılan tədqiqata əsaslandığını vurğulayırlar. TOFA insanlarda klinik sınaqlardan keçirilməyib və onun insanlar üçün təhlükəsizliyi və effektivliyi müəyyən edilməyib. Birləşmənin tibbi istifadəyə verilməsi üçün əlavə toksiklik və effektivlik araşdırmalarına ehtiyac var.
Tədqiqatçılar insanlarda klinik sınaqlara keçməzdən əvvəl TOFA-nı siçovullar və daha iri heyvan modelləri üzərində araşdırmağı planlaşdırırlar.
Humay Eminqızı