- 13:13
İtaliyada yay mövsümünün əvvəlindən bəri müşahidə olunan beşinci istilik dalğası səbəbindən bu gün ölkənin doqquz şəhərində "qırmızı" həyəcan siqnalı verilib.
E-huquq.az İtaliya mətbuatına istinadən xəbər verir ki, həftənin əvvəlindən etibarən ölkənin mərkəzi və cənub bölgələrində hava temperaturunun kəskin yüksəlməsi ilə müşayiət olunan yeni istilik dalğası müşahidə edilir.
İtaliya Səhiyyə Nazirliyi yüksək temperaturun yaratdığı sağlamlıq riskləri ilə əlaqədar bir sıra əraziləri "qırmızı" xəbərdarlıq kateqoriyasına daxil edib.
"Qırmızı" həyəcan Bari, Kalyari, Kampobasso, Kataniya, Latina, Messina, Palermo, Roma və Reçço-Kalabriya şəhərlərində elan olunub.
Nazirlik əhalini günəş şüalarından və yüksək temperaturun mənfi təsirlərindən qorunmağa çağırıb. Xüsusilə yaşlıların, uşaqların və xroniki xəstəlikləri olan şəxslərin günün ən isti saatlarında zərurət olmadıqca çölə çıxmaması tövsiyə edilib.
Həddindən artıq isti hava şəraiti paytaxt Romada həm yerli sakinlərin, həm də turistlərin gündəlik fəaliyyətinə təsir göstərib. Şəhərin məşhur turistik məkanlarını ziyarət edənlər günəşdən qorunmaq üçün çətir və əl ventilyatorlarından istifadə edir, sərinləmək üçün isə fəvvarələrin ətrafında toplaşırlar.
İtaliyanın cənubundakı Siciliya adasının müxtəlif bölgələrində isə meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Humay Eminqızı