- 13:26
İslandiyanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlar aparacaq qrupların formalaşdırılmasına hazırlıq başlayıb.
E-huquq.az xəbər verir ki, "Politico" nəşri mənbələrə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, hazırlıq işləri avqustun 29-da keçirilməsi planlaşdırılan referendumdan əvvəl başlanılıb. Ölkə sakinləri səsvermədə Aİ ilə üzvlük danışıqlarının bərpa edilməsinin lehinə qərar verərsə, danışıqların bir neçə həftə və ya iki ay ərzində başlaması gözlənilir.
Qeyd edək ki, İslandiya 2009-cu ildə qlobal maliyyə böhranı fonunda Aİ-yə üzvlük üçün müraciət edib. Ölkə 2013-cü ildə iqtisadi vəziyyətin sabitləşməsindən sonra üzvlük danışıqlarını dayandırıb. Həmin vaxtadək Aİ-yə inteqrasiya prosesinin 33 mərhələsindən 11-i başa çatdırılmışdı.
2015-ci ildə isə İslandiya hökuməti Brüsseldən ölkənin Aİ-yə üzvlüyə namizəd kimi nəzərdən keçirilməməsini istəyib.
İslandiyanın “Maskina” tədqiqat institutu tərəfindən keçirilən son sorğuya əsasən, respondentlərin 51,3 faizi Aİ ilə üzvlük danışıqlarının bərpa edilməsini dəstəkləyir, 48,7 faizi isə bunun əleyhinədir.
Humay Eminqızı