- 13:26
Türkiyənin Kastamonu vilayətinin Doğanyurt rayonu sahillərində su aldığı müəyyən edilən ticarət gəmisinin 13 ekipaj üzvü təxliyə edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Qara dəniz sahilindən təxminən 26 mil məsafədə Palau bayrağı altında üzən “SVETOSLAVA” adlı ticarət gəmisinin mühərrik bölməsinə gecə saatlarında su dolmağa başlayıb.
Hadisə ilə əlaqədar İnebolu Sahil Mühafizəsi Komandanlığının qrupları əraziyə göndərilib.
Gəmiyə çatan Sahil Mühafizəsi əməkdaşları göyərtədə olan 13 nəfəri təxliyə edərək İnebolu limanına gətiriblər.
Ekipaj üzvləri təcili tibbi yardım avtomobilləri ilə İnebolu Dövlət Xəstəxanasına aparılıb. Tibbi müayinədən keçirilən şəxslər daha sonra evə buraxılıblar.
Hazırda açıq dənizdə lövbər salmış vəziyyətdə olan gəminin xilas edilməsi üzrə əməliyyatların əlverişsiz hava şəraiti yaxşılaşdıqdan sonra başlanacağı bildirilib.
Humay Eminqızı