- 14:42
Nepalda baş verən daşqınlar nəticəsində altı səhiyyə müəssisəsinə ciddi ziyan dəyib, səkkiz tibb işçisi isə itkin düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Tarik Yaşareviç açıqlayıb.
Onun sözlərinə görə, səhiyyə müəssisələrind ən dördü Rasuvada, ikisi isə Dhadinqdə yerləşir.
Yaşareviç bildirib ki, səhiyyə orqanları və tərəfdaş qurumlar xəstələrin idarə olunması, qan təchizatının təmin edilməsi, ilk tibbi yardımın göstərilməsi və təcili tibbi yardım imkanlarının qorunması istiqamətində səyləri əlaqələndirirlər.
"Bu miqyaslı fəlakətdən sonra insanların köçürülməsi, həddindən artıq sıxlıq, həmçinin su, sanitariya və səhiyyə xidmətlərində yaranan fasilələr yoluxucu xəstəliklərin yayılması riskini artıra bilər”, - deyə o bildirib.
Yaşareviç Nepal hökumətinin fəlakətə cavab tədbirlərinə rəhbərlik etdiyini və zərərçəkmiş icmaların təcili ehtiyaclarının qarşılanması üçün beynəlxalq dəstək axtardığını bildirib.
Onun sözlərinə görə, ÜST üç ay ərzində təxminən 10 min insanın sağlamlıq ehtiyaclarını qarşılamaq üçün kifayət edəcək tibbi ləvazimat göndərib.
"ÜST Nepal hökuməti ilə xəstəliklərə nəzarəti gücləndirmək, vacib səhiyyə xidmətlərini qorumaq, o cümlədən əqli sağlamlıq və psixososial ehtiyaclar da daxil olmaqla, yaranan sağlamlıq risklərini müəyyənləşdirmək və aradan qaldırmaq üçün çalışır. Bizim təcili prioritetimiz zərərçəkmiş icmaların səhiyyə xidmətlərinə çıxışını dəstəkləmək və pozulmuş səhiyyə xidmətlərini bərpa etməkdir”, - deyə Yaşareviç vurğulayıb.
Humay Eminqızı