Liviyada genişmiqyaslı elektrik kəsilməsi qeydə alınıb


  • 15:52

Liviyanın Tunis sərhədinədək uzanan ərazilərində genişmiqyaslı elektrik kəsilməsi baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Liviya Ümumi Elektrik Şirkəti məlumat yayıb.

Məlumata görə, paytaxt Tripoli də daxil olmaqla, Misrata, Xoms, Bir əl-Qanem və Ruveys şəhərlərinə xidmət göstərən elektrik xətlərindəki avtomatik açarların qəfil sıradan çıxması kəsintiyə səbəb olub.

Şirkət hadisənin kənar müdaxilə nəticəsində baş vermiş ola biləcəyini istisna etməyib. Hazırda texniki qruplar problemin aradan qaldırılması istiqamətində iş aparır.

Açıqlamada qeyd olunub ki, hadisə ilə bağlı texniki araşdırma başladılıb. Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanacaq. Səhlənkarlıq faktı müəyyən ediləcəyi təqdirdə, məsul şəxslər barəsində müvafiq tədbirlər görüləcək.

Qeyd edək ki, Liviya ərazisində təxminən üç aydır hər gün 4-10 saat davam edən elektrik kəsintiləri müşahidə olunur.

Son dövrlərdə ölkədə elektrik stansiyaları və neft obyektlərinə qarşı təxribat xarakterli hücumlar da həyata keçirilib.

Humay Eminqızı

Oxşar xəbərlər