- 16:59
ABŞ-nin Arizona ştatında yerləşən Böyük Kanyonda baş verən güclü daşqın nəticəsində bir nəfər ölüb, təxminən 15 nəfər itkin düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın ən məşhur turizm məkanlarından biri olan Böyük Kanyonda avqustun 29-da güclü ani daşqın baş verib. Daşqın suları ərazidə olan insanları və müxtəlif qalıqları Kolorado çayına sürükləyib.
ABŞ Milli Parklar Xidmətinin məlumatına görə, daşqın zamanı çoxsaylı insan güclü su axınının təsirinə məruz qalaraq aparılıb. Axtarış-xilasetmə qrupları Kolorado çayından 46 yaşlı şəxsin cəsədini çıxarıb.
Rəsmilər təxminən 15 nəfərin itkin düşdüyünü və onların axtarışının davam etdirildiyini bildiriblər. Hazırda daşqın nəticəsində xəsarət alan şəxslərin olmadığı qeyd olunur.
Daşqından sonra 62 nəfər ərazidən təhlükəsiz şəkildə təxliyə olunub. Xilasetmə qrupları daha 50-yə yaxın şəxsin ərazidən çıxarılması istiqamətində işlərini davam etdirir.
Daşqın nəticəsində Böyük Kanyondakı bəzi turistik məkanlara ciddi ziyan dəyib və onlar müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanıb. Təhlükəsizlik məqsədilə Kolorado çayında həyata keçirilən bəzi fəaliyyətlər də dayandırılıb.
Hazırda əraziyə dəyən ziyanın miqyası qiymətləndirilir.
Daşqın bölgənin infrastrukturuna da ziyan vurub. Boru kəmərinin zədələnməsi səbəbindən ərazidə içməli su təchizatının məhdudlaşdırıldığı bildirilib.
Rəsmilər yerli sakinləri mövcud su ehtiyatlarını qorumaq üçün sudan qənaətlə istifadə etməyə çağırıblar. Turistlərə isə ərazidə qalmamaq barədə xəbərdarlıq edilib.
Böyük Kanyonda axtarış-xilasetmə və təxliyə əməliyyatları davam edir.
Humay Eminqızı