Hindistanda 16 yaşlı yeniyetmə beş ildir gölməçədə yaşayır


  • 16:35

Hindistanda 16 yaşlı yeniyetmə uzun illərdir davam edən dəri problemi səbəbindən gününün böyük hissəsini gölməçədə keçirməli olur.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Qərbi Benqal əyalətində yaşayan İqbal Şeyx təxminən beş ildir bu problemlə mübarizə aparır.

Yeniyetmənin sözlərinə görə, suda olarkən dərisindəki simptomlar səngiyir. Lakin gölməçədən çıxdıqdan sonra bütün bədənində şiddətli yanğı və ağrı hiss edir.

İqbalın ailəsi onun müalicəsi üçün müxtəlif tibb müəssisələrinə müraciət etsə də, problemin dəqiq səbəbi hələ müəyyən edilməyib. Ailəsinin sözlərinə görə, yeniyetmə bəzi günlərdə demək olar ki, bütün günü gölməçədə keçirir.

Məlumata görə, İqbal suda olarkən yemək yeyir və uzun müddət gölməçədə qalır. Sudan çıxdıqdan sonra şiddətli yanğı hiss etdiyini bildirən yeniyetmə narahatlığını azaltmaq üçün yenidən suya qayıdır.

İqbalın əziyyət çəkdiyi vəziyyətlə bağlı hələ təsdiqlənmiş bir diaqnoz yoxdur.

Sosial şəbəkələrdə görüntülərin yayılmasından sonra bəzi istifadəçilər simptomların eritromelalgiya adlı nadir xəstəliyin əlamətlərinə bənzədiyini irəli sürüblər.

Eritromelalgiya xüsusilə əl və ayaqlarda qızartı, hərarətin yüksəlməsi, yanğı hissi və ağrıya səbəb ola bilən nadir bir xəstəlik kimi tanınır. Bununla belə, İqbala bu diaqnozun qoyulduğunu təsdiqləyən heç bir məlumat mövcud deyil.

Humay Eminqızı

Oxşar xəbərlər