"ChatGPT", "Reddit" və "Roblox" əlavə öhdəliklərə əməl etməli olacaq


  • 16:52

Avropa İttifaqı (Aİ) "ChatGPT", "Reddit" və "Roblox"u ən sərt tənzimləmə rejiminə daxil edib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Komissiyası Aİ ərazisində ayda orta hesabla ən azı 45 milyon istifadəçiyə çatan süni intellekt əsaslı çat-bot "ChatGPT"ni Rəqəmsal Xidmətlər Aktı \ çərçivəsində "Çox böyük onlayn axtarış sistemi" kimi təsnif edib.

Sosial xəbər və müzakirə platforması "Reddit" və rəqəmsal oyun platforması "Roblox" isə “Çox böyük onlayn platformalar” kateqoriyasına daxil edilib.

Aİ Komissiyasının açıqlamasına görə, sözügedən platformalar əlavə öhdəliklərə əməl etməlidirlər.

Belə ki, şirkətlərdən qeyri-qanuni məzmunun yayılması, uşaqların və istifadəçilərin fiziki və psixi sağlamlığı, fundamental hüquqlar, seçki prosesləri və ictimai təhlükəsizliklə bağlı sistemli riskləri müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq tələb olunur.

Bildirilib ki, təsnifat qərarları Aİ Komissiyasına sözügedən xidmətlərin funksiyalarını və onlarla əlaqəli sistemləri yoxlamaq səlahiyyəti də verəcək.

Beləliklə Aİ tərəfindən Rəqəmsal Xidmətlər Aktı çərçivəsində “çox böyük onlayn platforma” və “çox böyük onlayn axtarış sistemi” kimi təsnif edilən xidmətlərin ümumi sayı 28-ə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər