Fransada hicab taxanlar cərimələnə bilər


  • 17:33

Fransanın ifrat sağçı "Milli Birlik" (RN) Partiyası 2027-ci il prezident seçkilərində qalib gələcəyi təqdirdə ictimai məkanda hicab taxan şəxslərə cərimə tətbiq etməyi planlaşdırır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, partiyanın üzvü, deputat Jan-Filip Tanqi BFMTV kanalına müsahibəsində partiyanın 2027-ci il prezident seçkiləri ilə bağlı mövqeyini açıqlayıb.

Tanqinin sözlərinə görə, Marin Le Penin rəhbərlik etdiyi RN seçkilərdə qalib gələcəyi təqdirdə islamçı ideologiya ilə qətiyyətlə mübarizə aparacaq. Deputat bu çərçivədə hicab taxanlara qarşı cərimələrin tətbiq ediləcəyini bildirib.

O, bu dəyişiklikləri nə miqrantların sayının artması, nə də müsəlman əhalinin çoxalması ilə əlaqələndirib.

Deputat Fransada baş örtüyü taxan qadınların sayının artmasından narahatlığını ifadə edərək vəziyyətin "nəzarətdən çıxdığını" iddia edib.

İctimai məkanda baş örtüyünə məhdudiyyətlərin tətbiqi ilə bağlı təkliflər artıq Fransadakı ifrat sağçı qüvvələrin gündəliyində yer alan əsas məsələlərdən biridir.

Qeyd edək ki, Fransada dövlət sektorunda çalışanların dini simvollar taxmasına qoyulan məhdudiyyətlər mövcuddur. 2004-cü ildən etibarən isə dini mənsubiyyəti açıq şəkildə ifadə edən simvolların, o cümlədən baş örtüyünün dövlət məktəblərində şagirdlər tərəfindən taxılmasına qadağa tətbiq edilir.

Fransa Prezidenti Emmanuel Makron konstitusiyaya əsasən ardıcıl iki müddət prezidentlik etdiyi üçün 2027-ci il prezident seçkilərində namizəd ola bilməyəcək.

2027-ci il prezident seçkilərinin birinci turunun 18 aprel, ikinci turunun isə 2 may tarixində keçirilməsi nəzərdə tutulur.

Humay Eminqızı

Oxşar xəbərlər