- 15:58
Avstriyanın Vyana şəhərində Tətbiqi Sənət Muzeyindən (MAK) 200 karatlıq brilyant boyunbağının oğurlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, iki nəfər muzeyin iş saatlarında sərgiyə bilet alaraq içəri daxil olub. Onlar çəkiclə şüşə vitrini sındıraraq 673 brilyantla bəzədilmiş platin boyunbağını götürüblər. Hadisə zamanı xəsarət alan olmayıb.
Polis təhlükəsizlik kameralarının qeydə aldığı şübhəlilərin fotolarını yayıb. Onların üzlərinin açıq olduğu bildirilir. Şəhər mərkəzində axtarışlara başlanılıb və xüsusi təlim keçmiş itlərdən istifadə olunur.
İstintaqçılar şübhəlilərin sifariş əsasında hərəkət etdiyini və cinayətkar təşkilatla əlaqəli ola biləcəyini ehtimal edirlər.
Oğurlanan boyunbağı iyun ayından MAK-da nümayiş etdirilən "Van Cleef & Arpels" sərgisində təqdim olunurdu. Sərgidə fransız zərgərlik evinin 120 illik tarixini əhatə edən 200-dən çox nadir və unikal əşya nümayiş etdirilirdi.
Muzeyin məlumatına görə, boyunbağı vaxtilə Misir kraliçası Nazliyə məxsus olub. O, zinət əşyasını 1939-cu ildə qızı Fövziyyənin İranın gələcək şahı Məhəmməd Rza Pəhləvi ilə toyunda taxıb.
Boyunbağının 2015-ci ildə Nyu-Yorkda keçirilən "Sotheby's" hərracında 4,3 milyon dollara satıldığı bildirilir.
Oğurluqdan sonra cümə günü üçün nəzərdə tutulan bələdçili tur ləğv edilib. Sentyabrın 27-dək davam etməsi planlaşdırılan sərgi isə müvəqqəti olaraq dayandırılıb.
Şəbnəm Mehdizadə