İspaniya hökuməti: Rusiya və İsrail Seutaya miqrant axını ilə bağlı dezinformasiya yayıb


  • 13:49

İspaniya hökuməti Rusiya və İsraildəki rəqəmsal platformaların Seutaya qeyri-qanuni miqrant axını ilə bağlı dezinformasiya yayaraq Avropa İttifaqında (Aİ) qütbləşməni və parçalanmanı artırmağa çalışdığını bildirib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniyanın inteqrasiya, sosial təminat və miqrasiya məsələləri üzrə naziri Elma Saiz Nazirlər Şurasının iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.

Saiz bildirib ki, Rusiya və İsraildəki rəqəmsal platformaların Seutadakı hadisələri Aİ-də qütbləşmə və parçalanma yaratmaq məqsədilə körüklədiyini göstərən sübutlar var.

Nazirin sözlərinə görə, buna dair sübutlar arasında İspaniya Xarici İşlər Nazirliyinin daxili hesabatları və Avropa Komissiyasının avqustun 6-da yayımladığı hesabat da var.

Saiz iddiaları yoxlamaq istəyənləri sosial media platformalarındakı məlumatlara baxmağa çağırıb.

Saiz Rusiya və İsrailə qarşı dezinformasiya yaydıqları iddiası ilə hər hansı hüquqi tədbirin görülüb-görülməyəcəyinə dair suala cavab verməyib.

Kremlin sözçüsü Dmitri Peskov və İsrailin xarici işlər naziri Gideon Saar isə Sançesi yalan danışmaqda ittiham edib və İspaniya hökumətindən irəli sürdüyü iddialara dair konkret sübutlar təqdim etməsini istəyib.

Qeyd edək ki, Baş nazir Pedro Sançes avqustun 31-də radioya müsahibəsində də iyulun 30-31-də Mərakeşin Fnidek şəhərindən Seutaya baş verən qeyri-qanuni miqrant axınında Rusiya və İsrailin rolunun olduğunu iddia edib. Sançes bildirib ki, Rusiya və İsrailin bu məsələdə yaydığı iddia edilən dezinformasiya İspaniya və Avropada miqrasiya ilə bağlı narahatlıqlardan daha çox, Madridin Qəzza və Ukrayna ilə bağlı siyasi mövqeyinə qarşı yönəlib.

O, İspaniyanın Qəzzadakı müharibə və Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı mövqeyini Cəsarətli adlandırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər